Rusiya hakimiyyəti “dost olmayan” ölkələrdə yerləşən konsulluqlarında prezident seçkilərində səsverməni ləğv etməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Hələlik bununla bağlı yekun qərar verilməyib və hakimiyyət yanvarda başa çatmalı olan məsləhətləşmələri davam etdirir. Hökumət rəsmiləri konsulluqlarda seçki məntəqələrinin açılmasından mümkün imtinanı seçicilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar, eləcə də konsulluq işçilərinin sayının azalması ilə əlaqələndirir”, – mənbə bildirib.
Rusiya Mərkəzi Seçki Komissiyasının beynəlxalq əməkdaşlıqdan məsul olan üzvü Pavel Andreyev deyib ki, xaricdə seçki məntəqələrinin yaradılması üçün son tarix yanvarın 24-dür:
“Xarici İşlər Nazirliyi və Rusiya diplomatik qurumları bir sıra ölkələrdə seçicilərin və səsvermə məntəqələrinin təhlükəsizliyinin necə təmin olunacağını qiymətləndirmək üçün ev sahibi ölkələrin hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə yaratmaq, riskləri və imkanları təhlil etmək üçün çox iş görür”.
Rusiyalı hüquqşünas Oleq Zaxarov isə bildirib ki, “dost olmayan” ölkələrdə seçki məntəqələri yaradılmasa, rusların yaşadıqları yer üzrə səs vermək imkanı qalmayacaq:
“Çünki buna qədər Mərkəzi Seçki Komissiyası rusiyalıların uzaqdan elektron səsvermədən istifadə etməklə internet vasitəsilə seçkilərdə səs verməsini qadağan edib”.