Şimali Koreyada təxminən 500 min işçinin çalışdığı 300-ə yaxın hərbi zavod var. İndi bu şəbəkənin müştərisi Rusiyadır.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyadan olan analitik Yendjun Kim bildirib.
“Müdafiə sektoru Şimali Koreyanın ümumi iqtisadiyyatının 30%-60%-ni təşkil edir və hər il təxminən 10 milyard dollar dəyərində məhsul istehsal edir. Təxminən 700 milyon dollar nüvənin inkişafına, təxminən 600 milyon dollar raketlərin inkişafına gedir. Bu il Şimali Koreya müdafiə sənayesini yenidən təşkil etməyə başladı ki, bu da Pxenyanın son vaxtlar Moskva ilə əməkdaşlığını artırması ilə əlaqələndirilir.
Şimali Koreya indi sursat və digər adi silahlar göndərməklə Rusiyaya dəstək ola bilər. Tərəfdaşlıq Şimali Koreyanın işçi qüvvəsinə qabaqcıl müdafiə texnologiyaları ilə tanış olmaq üçün Rusiyaya səfər etmək imkanı verir”, – Yendjun Kim vurğulayıb.
Analitik hesab edir ki, Rusiya hələ başlanğıcdır və tezliklə Şimali Koreya hərbi sənaye kompleksi yeni müştərilər qəbul edə bilər. O, həmçinin Pxenyanın təkcə artilleriya mərmiləri və yüksək partlayıcı raketlər deyil, həm də nüvə başlıqları ixrac etmək istəyəcəyi fikrindən narahat olduğunu bildirib.