Ukrayna Norveçdən F-16 təyyarələri və NASAMS zenit-raket kompleksi alacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Beynəlxalq Müdafiə Əməkdaşlığı Departamentinin direktoru Gennadi Kovalenko deyib.
O bildirib ki, avadanlıqlar 500 milyon avro dəyərində yeni yardım paketi çərçivəsində göndəriləcək.
Qeyd edək ki, bundan öncə Norveç hökumətinin Ukrayna Hava Qüvvələrinə dəstək məqsədilə 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayıracağı bildirilib. Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.
“Havadan müdafiə təkcə təyyarələr deyil, həm də silahlar, həmçinin vaxtaşırı texniki xidmət tələb edir. Hədiyyə edilən təyyarənin istismarı və saxlanması üçün maliyyə lazımdır. Danimarkada etdiyimiz kimi, pilotları və yerüstü personalı hazırlamaq və öyrətmək, hərtərəfli dəstək sistemi yaratmaq lazımdır. Norveç buna öz töhfəsini verəcək”, – nazir vurğulayıb.