Ukrayna və Qərb ölkələrinin Kiyevə dördüncü nəsil qırıcılar tədarük etməyi planlaşdıran addımları fonunda KXDR ilə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş Şimali Koreyaya xüsusi əməliyyatda iştirak etmək üçün peşəkar hərbçilər göndərmək imkanı verir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Bu vəziyyət (xüsusi əməliyyat zonasında – red.) beynəlxalq hüquq normaları və BMT Nizamnaməsi nöqteyi-nəzərindən açıq şəkildə Rusiyaya qarşı silahlı təcavüz aktı kimi qiymətləndirilə bilər. Buna görə də Rusiya-Şimali Koreya müqaviləsi Pxenyanın Moskvaya müvafiq hərbi və hərbi-texniki yardım göstərməsini nəzərdə tutur”, – o bildirib.
Politoloq qeyd edib ki, yeni sənədə uyğun olaraq, dəstək istənilən başqa formada, o cümlədən sursat və silah sistemlərinin tədarükü ilə təmin oluna bilər:
“Təbii ki, bu, müvafiq sazişin həyata keçirilməsi üçün mümkün variantların ekspert qiymətləndirməsidir. Yekun qərar və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi üçün konkret formatlar dövlətlərimizin rəhbərləri tərəfindən müvafiq hərbi-siyasi qərarların qəbul edilməsinin preroqatividir. Qərbin və Ukraynanın hərəkətlərini təcavüz kimi təsnif etmək olar. Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq, “dxr”, “lxr”, keçmiş inzibati sərhədlərində olan Xerson və Zaporojye vilayətləri indi Rusiya ərazisinin ayrılmaz hissəsidir. Beləliklə də yeni Rusiya ərazilərinin bəzilərində Rusiya ordusuna qarşı hərbi əməliyyatlar aparan Ukrayna Silahlı Qüvvələri var. Bundan əlavə, düşmən qruplaşmasının tərkibində hərbi məsləhətçi rolunu oynayan və yalnız Rusiyanın yeni ərazilərinə deyil, digər bölgələrinə də zərbələr endirmək üçün Qərbin verdiyi yüksək dəqiqlikli silahların hazırlanmasında və tətbiqində birbaşa iştirak edən xarici kadr hərbçiləri var”.
Korotçenko xatırladıb ki, yaxın gələcəkdə Ukraynanın bir sıra NATO ölkələrinin hərbi hava qüvvələrindən F-16 və digər dördüncü nəsil qırıcıları alacağı gözlənilir:
“Bu baxımdan, nəzəri və praktik olaraq istisna etmək olmaz ki, Şimali Koreya hərbçiləri xüsusi hərbi əməliyyat zonası ilə tanış olub və lazım olduqda yüksək texnologiyalı düşmənə qarşı döyüş əməliyyatına dair təcrübə qazanmaq imkanı əldə etsin. Saziş qarşılıqlı yardımı nəzərdə tutur, bu o deməkdir ki, KXDR silahlı təcavüzə məruz qalarsa və Pxenyan dəstək üçün Moskvaya müraciət edərsə, Rusiya da bunu edəcək. Unutmayaq ki, həm Rusiya Federasiyası, həm də Koreya Xalq Demokratik Respublikası nüvə-raket gücləridir və müvafiq strateji və qeyri-strateji nüvə qüvvələrinin bütün komponentlərinə malikdir”.
Qeyd edək ki, Moskva və Pxenya arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş tərəflərdən birinin silahlı hücuma məruz qalacağı halında bütün mövcud vasitələrdən istifadə etməklə hərbi, eləcə də digər yardımların göstərilməsini nəzərdə tutur.