Vyana Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməyə və Rusiya lideri Vladimir Putin Avstriyaya səfər edəcəyi halda onu həbs etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Avstriyanın Avropa Birliyi və Konstitusiya üzrə naziri Karolina Edtstadler BCM-in Putin haqda orderini şərh edərkən deyib.
“Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar cinayət işləri üzrə hakim olmuşam və BCM tərəfindən bu beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”, – o bildirib.
Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.