Bu müharibə tezliklə dayandırılmalıdır! – Fidan

Bu müharibə tezliklə dayandırılmalıdır! – Fidan

Ankara Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev danışıqlar prosesini dərhal bərpa etmək mövqeyindədir.

“Türkiyəyə gəlincə, biz Ukrayna ilə bağlı dialoq platformasının formalaşdırılmasının zəruriliyi qənaətindəyik. Fikrimizcə, daha böyük risklərin qarşısını almaq üçün müharibəni dayandırmaq və danışıqlara başlamaq lazımdır”, – deyə Fidan bildirib.

O vurğulayıb ki, Avropanın tam mərkəzindəki müharibə bütün region üçün təhlükə yaradır:

“Ukraynadakı vəziyyət Qara dəniz regionu üçün çoxsaylı təhdidlərlə bağlıdır və ərzaq təhlükəsizliyinə təsir göstərir”.

Türkiyə diplomatiyasının rəhbəri daha sonra diqqəti öz ölkəsinin milli təhlükəsizliyinə təhdidlərə çəkib. O qeyd edib:

“Ankaranın terror təhdidlərinin qarşısının alınması ilə bağlı bütün hərəkətləri beynəlxalq hüquqa əsaslanan qanuni fəaliyyətə əsaslanır”.

Eyni zamanda, türkiyəli nazir ABŞ-ın PKK terror təşkilatının Suriya qanadı YPG ilə əməkdaşlığını Türkiyə üçün təhlükə adlandırıb.

“Bu gün Vaşinqton təkcə YPG-ni silahla təmin etmir, həm də yaraqlılara təlim keçir ki, bu da ölkəmiz üçün real təhlükə mənbəyidir. Türkiyə həm öz sərhədlərində, həm də onun hüdudlarından kənarda təhlükələri aradan qaldırmaq üçün bütün addımları atmağa davam etməkdə qərarlıdır. Heç kim Ankaranın mövqeyinə təsir edə bilməz”, – deyə Fidan vurğulayıb.

Türkiyənin xarici işlər naziri ABŞ-ın Suriya ilə bağlı mövqeyini “Ankara ilə Vaşinqton arasında əməkdaşlığa ən böyük əngəl” adlandırıb.

Teqlər: