Çin Tayvan üzərində müharibə etmək qərarına gəlsə, potensial münaqişə dünyaya 10 trilyon dollar ziyan vuracaq. Bu isə qlobal ÜDM-in təxminən 10%-nə bərabərdir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Eyni zamanda, bu, Ukraynadakı münaqişənin, kovid pandemiyasının və qlobal maliyyə böhranının təsirindən daha böyük ola bilər. Böhranın kəskinləşməsi üçün ilkin şərtlər artıq mövcuddur. Bu, Çinin iqtisadiyyatının və hərbi potensialının artması, Tayvan əhalisi arasında milli kimliyin çoxalması, eləcə də Çin və ABŞ arasında münasibətlərdəki problemlərdir. Tayvanda qarşıdan gələn seçki də ada ilə Çin arasındakı uçurumun dərinləşməsinə səbəb ola bilər. Vəziyyətin iki ssenari üzrə davam etməsi mümkündür. Birinciyə görə, Tayvanla bağlı münaqişə ABŞ-ın fəal iştirakı ilə baş verəcək. Bu halda dünya iqtisadiyyatı ÜDM-in 10,2%-ə qədər itirəcək və bundan ən çox Tayvanın özü, həmçinin Şərqi Asiya ölkələri zərər görəcək. İkinci ssenaridə dünya iqtisadiyyatının birinci il ərzində ÜDM-in 5%-ə qədərini itirəcəyi hal – Çin tərəfindən Tayvanın blokadası baş verəcək”, – məlumatda deyilir.