Xəbər - Samir Əli – Trend:
Bu mövsümdə ağacəkmə prosesi işğaldan azad edilmiş Zəngilan rayonundan başladı. Ağacəkmə prosesi bütün ölkə üzrə davam etdiriləcək.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, həmin yerlər minalanmış ərazi olduğundan orada kütləvi tədbirlər keçirmək mümkün deyil:
“Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları ərazidə mütəmadi olaraq minaların təmizlənməsi prosesini aparır. Fürsətdən istifadə edib onların əməkdaşlarına da təşəkkür edirəm”.
F.Əliyev qeyd edib ki, jurnalistlərin binasının ətrafında 400-ə yaxın ağac əkilib:
“Bundan başqa 300-ə qədər ağac gətirilib. Onların arasında, nar, ərik, əzgil və s. var. Ağaclar bina sakinlərinin istəyinə uyğun gətirilib. Onlar istədikləri ərazidə həmin ağacları əkəcəklər. Nə qədər çox ağac əksək, o qədər də təbiətimiz canlanacaq”.