Bu yürüş həm Milli Hərəkatın, həm də millətin içində müsbət qarşılanıb. Xalqımız bu günə qədər hiss etmirdi ki, Güney Azərbaycanda belə bir diaspor ola bilər. Hazırda buna çox təəccüblə baxırlar.
Bu sözləri AzerTimes-a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş “Azadlıq və Ədalət” yürüşünün ölkə daxilində yaratdığı təəssüratdan danışarkən deyib.
“Ümumiyyətlə, Brüssel yürüşü xalqımız tərəfindən müsbət qarşılandı. Ardı olsa, bəlkə millət Milli Hərəkatı daha yaxşı tanıya biləcək. Həqiqətən, alqışa layiqdir. Sosial şəbəkədə də getdikcə yayılır və qarşılığı da olacaq”, – o vurğulayıb.
Bəzi siyasi təşkilatların yürüşə doğru münasibət sərgiləmədiyini deyən milli fəal bunun Milli Hərəkatı parçalaya biləcəyini bildirib:
“Bəzi təşkilatlar həmişə istəyiblər ki, Milli Hərəkatı özlərinin mirası kimi təqdim etsin. Onların da münasibətini gördük. İstəkləri o idi ki, bu iş alınmasın. Hərəkatın içində bu ixtilaflat var və olacaqdır. Dostlarımızın bir çoxu bu yürüşə qatılmışdı. Amma özlərini hərəkatçı bilən bəziləri həmin gün ayrı yerdə Milli Hərəkat adından başqa bir toplantı təşkil etmişdilər. Maraqlı tərəfi isə çoxluğun Brüsseldə olması idi. Xalq artıq bunları görür və tanıyır”.