Bu millət vəkili xəritə görüb? Bakının harda olduğunu bilir?

Bu millət vəkili xəritə görüb? Bakının harda olduğunu bilir?

Bakının nəqliyyat dərdi son aylar doğrudan da çox artıb: evdən işə gəlmək bir dərd, qayıtmaq başqa dərddir.

Bu ciddi problemi, nəhayət, hökumət üzvləri də anlayıblar – yəqin, tıxaclarda qalmaqdan artıq nazirlərimiz də bezib. Qrup, komissiya-filan yaradıblar, hələlik, yalnız kimlərisə ora əlavə edib-çıxarmaqla məşğuldurlar və ümid edək ki, “əlavələr” tamamlanandan sonra ciddi qərarlar da veriləcək.

Sağ olsunlar, millət vəkilləri də bu məsələdə aktivdir: özlərinin də üzləşdiyi problemlərdən çıxış yolu üçün müxtəlif təkliflər səsləndirirlər və hökuməti əməli fəaliyyətə səsləyirlər.

Ancaq gərək elə təkliflər səsləndirəsən ki, nə əhali sənə gülsün, nə də hökumət üzvləri. Yəni təklifi dilə gətirməzdən öncə bir mütəxəssislə məsləhətləşmək lazımdır ki, hökumət də bu sözləri eşidəndə düşünsün, daha ələ salmasın!

Məsələn, deputatlardan biri ötən gün Milli Məclisdə deyib ki, Bakıdan Sumqayıta gəmi nəqliyyatının təşkili tıxac probleminin həllində mühüm rol oynaya bilər.

Görəsən, bunu dilə gətirərkən, o millət vəkili xəritəyə baxıbmı? Bakıdan Sumqayıta dəniz yolunu təsəvvür edirmi?

Xəritəni təqdim edirik, baxın: Bakıdan Sumqayıta “dəniz nəqliyyatı” üçün gəmi bulvardan çıxıb, bütün Abşeron yarımadasını dövrə vurub, sonra Sumqayıta getməlidir. Gəmi nəqliyyatının sürətini, bunun xəzrisini-gilavarını – yəni Bakı küləyini nəzərə alsaq, Bakıdan Sumqayıta gəminin neçə saata gedə biləcəyini təxmin edirsinizmi?

Kimsə təklif etmədi ki, bulvar ərazisi ilə tramvay xətti çəkmək olar; kimsə təklif etmədi ki, Ağ Şəhər ərazisindən tramvay xətti çəkmək lazım idi və yaxud əgər orda boş yer saxlayıblarsa, çəkmək lazımdır – ən azı, bir istiqamətdə şəhər mərkəzinə qədər sərnişindaşımada müəyyən yükü götürmək olar; bir millət vəkili təklif etmədi ki, Bakıda barmaq qoyulası bütün yerlərdə göydələn tikintisinin qarşısını almaq üçün təcili qanun qəbul etmək lazımdır; bir deputat dilinə almadı ki, son aylar yol kənarında, səkilərin üstündə, məktəblərin ağzının içində, binaların həyətindəki tikintiləri ən azı dayandırmaq lazımdır, belə rüsvayçılıq olmaz…

Bakıda binalar iç-içə tikilir və hər biri ən azı 18 mərtəbəlidir; zirzəmidə nəzərdə tutulan qarajlar binanın evlərinə nisbətdə bir neçə dəfə azdır və sakinlər maşın saxlamağa yer tapmırlar, ehtimal yerlər isə dərhal icra hakimiyyətləri tərəfindən yeni göydələn tikilməsi üçün satılır; bir deputat demədi ki, Bakının Baş Planı təcili təsdiqlənməlidir – çünki Baş Planın qəbulunu gecikdirən bəziləri tez-tələsik bu boşluqdan sui-istifadə etməyə girişiblər; bu şəhərdə artıq ayaq qoymağa yer belə qalmayıb, bir azdan Baş Plan heç kəsə lazım olmayacaq…

Teqlər: