Bu məzunların diplom balları obyektiv deyil – DİM

Bu məzunların diplom balları obyektiv deyil – DİM

Subbakalavrların (kollec məzunu) diplom balları obyektiv deyil.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, subbakalavrların imtahan nəticələri zəif, histoqramlar isə sağtərəfli assimmetriyaya malikdir: “İmtahanın I mərhələsində iştirak edən 889 subbakalavrın topladıqları balların riyazi gözləməsi 83.26-ya bərabər olub, onların yarısı 78.1 baldan az bal toplayıb.

V ixtisas qrupuna müsabiqənin imtahanın I mərhələsinin nəticələri əsasında aparıldığını və bu mərhələdə ən azı 60 bal toplayanların müsabiqǝyǝ buraxıldığını nəzərə alsaq, imtahanda iştirak edən subbakalavrların 26.32%-i müsabiqə şərtini ödəməyib.

Subbakalavrların imtahanın II mərhələsində topladıqları balların paylanması təqdim olunub. Subbakalavrların yarısı mümkün olan 400 baldan heç 35-ni toplaya bilməyib və riyazi gözləmə 49.07-ya bərabər olub. I-IV ixtisas qruplarına aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün qoyulan minimal tələbi (imtahanın II mərhələsində ən azı 100 bal toplayanlar müsabiqəyə buraxılıblar) bu mərhələdə abituriyent kimi iştirak edən subbakalavrların cəmi 12.42%-i (58 nəfər) ödəmiş, qalan 87.58%-i isə 100-dən az bal toplayaraq minimal tələbi ödəyə bilməyib.

Subbakalavrların ali təhsil müəssisələrinə qəbulu üçün müsabiqə onların diplom balları əsasında aparılıb. Araşdırma göstərir ki, qəbul imtahanının I mərhələsində iştirak edən subbakalavrların diplom balları ilə onların imtahanda topladıqları ballar arasında heç bir stoxastik əlaqə yoxdur və korrelyasiya əmsalı 0.16-ya bərabərdir. Bu isə diplom ballarının obyektiv olmadığını və subbakalavrların ali təhsil müəssisələrinə qəbulunun onların hazırlıq səviyyələrinə görə deyil, təsadüfi qaydada aparılmasını göstərir.

Bir sözlə, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanın nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır. Bu isə ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər. Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlanmalı və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilməlidir”.

Teqlər: