Bu məshulların ölkəyə idxalı mümkün olmayacaq

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı mümkün olmayacaq.

Bu barədə AzerTimes-a Azərbaycan Qita Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Qeyd edilib ki, bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, həmçinin ölkə ərazisində zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir.

Ona görə də məsələ AQTA tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə AQTA tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmalar aparılır, siyahıda elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun yenilənmələr həyata keçirilir.

Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilmiş, AQTİS üzərindən yeni elektron modul istifadəyə verilmişdir.

Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, Respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün olmayacaq. Belə ki, idxal üçün elektron müraciət zamanı sahibkarlıq subyekti tərəfindən qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik alınacaq.

Qeyd edək ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edəcəkdir.

Teqlər: