Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.
Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.
Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı AQTA-ya məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.