Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər
Azercell Telekom MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Her Improvement” layihəsinin bağlanış mərasimi baş tutdu. Tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik və bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdirdilər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu:
* “She leads” komandası – qadın sağlamlığına və hamiləliyə nəzarət etmək və düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi;
* “Profcat” komandası – təhsil yönümlü və gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə;
* “Parkedin” komandası – Bakı şəhəri üzrə avtopark və tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;
* “Forcedefem” komandası – insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü “Sual-Cavab” platforması;
* “My Tailor” komandası – onlayn dərzi platforması.
Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi və komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim etdilər.
İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzuladı. Münsif qismində Azercell Telekom MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı və Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak etdilər.
Qeyd edək ki, Azercell-in dəstəyilə yarım ildən çox davam edən proqram qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes və innovasiya sahələrindəki trend mövzular, “Blockchain” texnologiyaları və NFT, təqdimat bacarıqları və “pitch-deck” hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu və məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib.
Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən “She leads” komandasına isə pul mükafatı da təqdim olundu.