Xəbər - İlhamə İsabalayeva –Trend:
Azərbaycanda quraşdırılan sutəmizlyici qurğuların gələcək fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb.
AzerTimes-ın məlumatına görə, bunu bu gün “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 460-a yaxın kənd və qəsəbədə sutəmizləyici qurğu quraşdırılıb. Bu qurğular su çatışmazlığı müşahidə edilən müxtəlif ərazilərdə quraşdırılıb:
“Onların əksəriyyəti bu gün də fəaliyyətdədir. Bəzi rayonlarda müəyyən səbəblərdən onların işləməməsi halları müşahidə edilir, lakin bu hallar vaxtında aradan qaldırılır. Yerlərdə mərkəzləşdirilmiş su təchizatı olduqdan sonra bu qurğuların istifadəsi yavaş-yavaş mərkəzləşdiriləcək və bu qurğular kəndlərdən yığışdırılacaq. Bu ilin və gələn ilin planında artıq bunlar təsbit olunub”.
M.Əbdülhəsənov qeyd edib ki, bu qurğuların gələcək fəaliyyəti ilə bağlı ”Azərsu” ASC, ETSN və Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb. O, yaxın günlərdə hökumətə təqdim olunacaq: ”Bu qurğular harada işləmirsə, onlar yeniləri ilə əvəz olunacaq, ehtiyac olmayan, mərkəzləşdirilmiş su təchizatı olan yerlərdən qurğular götürüləcək və daha zəruri olan digər yerlərdə quraşdırılacaq”.