Bu, İrəvanın iradəsindən asılıdır – Prezidentin nümayəndəsi

Bu, İrəvanın iradəsindən asılıdır – Prezidentin nümayəndəsi

“İndependent Arabia“ nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb.

AzerTimes xəbər verir ki, məqalədə ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəyanatlara diqqət ayrılıb. Qeyd edilir ki, Fransa və Ermənistanı tarixi bağlar birləşdirir, çünki Fransada 600 mindən çox erməni yaşayır. Buna görə də Fransa Ermənistanın arsenalının gücləndirilməsində iştirak edir və bu gedişat Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı Fransanı Ermənistanın hücumameylli siyasətini dəstəkləməkdə və onu qonşuları ilə müharibəyə təhrik etməkdə ittiham edir.

Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb. Müsahibədə vaxtilə Fransada səfir vəzifəsində çalışmış Azərbaycan rəsmisinin sülh danışıqlarına dair fikirləri yer alıb. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu azad etdikdən sonra yekun sülh müqaviləsinin bağlanması üçün fürsətlər yaranıb. O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib.

İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azərbaycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib. Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır.

Azərbaycan rəsmisi müsahibədə, həmçinin bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyib. Çünki Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Eyni zamanda, bu sənədlərin hələ də mövcudluğu Ermənistanın sülh bağlanmasına maraq göstərməməsi kimi dəyərləndirilir. Həmçinin bu sənədlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, çünki beynəlxalq ictimaiyyət 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bundan başqa, Ermənistan Azərbaycan kəndlərini hələ də işğal altında saxlayır və Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayətlə müraciət edib.

E.Əmirbəyov müsahibədə Ermənistan tərəfinin Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürcüstan ilə yolların keçilməz olduğu və yalnız İranla rahat gediş-gəlişə malik Ermənistan bu məsələdə dilemma qarşısındadır.

Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta Dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər. E.Əmirbəyov bu məsələnin iqtisadi və kommersiya aspektlərinin Ermənistan üçün də maraqlı olacağına əminliyini bildirib.

Müsahibədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada görülən işlərdən, keçmiş məcburi köçkünlərin tədricən öz torpaqlarına qayıdışından bəhs olunub, o cümlədən 2026-cı ilədək 140 min insanın öz dədə-baba yurduna geri dönüşünün təmin ediləcəyi vurğulanıb.

Teqlər: