“Siyasi fəallarımızın səsi olaq” kampaniyasına qoşulanların sayı hər gün çoxalır. Biz hər zaman siyasi məhbuslarımızın arxasında dayanıb, onların səsi olmağı özümüzə borc bilirik.
Bu sözləri AzerTimes-a Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani milli fəallara dəstək kampaniyası haqqında danışarkən deyib.
Qısa videolardan ibarət paylaşımların məqsədindən danışan Elyar Kamrani bildirib ki, əsas hədəf siyasi fəallara qarşı olan təzyiqin miqyasını azaltmağa nail olmaq, fəallar haqqında həqiqəti çatdırmaqdır:
“Kampaniya Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəylinin İnstaqram səhifəsində paylaşdığı video ilə başladı. Yılmaz bəy bir vaxtlar İran rejiminin basqılarına məruz qalmış şəxsdir. İşindən kənarlaşdırılıb, müxtəlif cür siyasi təzyiqlər görüb. Paylaşdığı videonu da təkcə Yürüşün qardaşı olaraq deyil, bir siyasi fəal olaraq çəkib. Müraciətində onların səsi olmağımız istənilib. Bununla da həbsdə olan digər siyasi fəallara dəstək nümayiş etdirdi. Biz də bu kampaniyaya qoşulmuşuq”.
Elyar Kamrani bildirib ki, bu cür kampaniyalar və etiraz səsləri rejimin qərarlarına təsir edir:
“Milli Hərəkat Güneydə getdikcə daha da genişlənib. Hər bir ailədən demək olar ki, milli fəallarımız çıxır. Onlar daima rejimin təzyiqləri altındadırlar, zindana düşdükdə isə işgəncələr görürlər. Videoların geniş yayılması müsbət haldır. Təcrübə göstərir ki, Azərbaycanda hər hansı bir etiraz olanda hakimiyyət çəkinir, siyasi məhbuslara qarşı qismən də olsa, işgəncə və təzyiqləri azaldır. Video-müraciətlərimiz və müxtəlif aksiyalarımızı beynəlxalq qurumlar da eşitmiş olur. Neçə illərdir ki, Azərbaycan milli fəalları medialar tərəfindən boykot olunurdu. Onlarla bağlı heç bir yerdə məlumat dərc edilmirdi. Hakimiyyət də bundan sui-istifadə edirdi.
Fəallımızın səsini boğmaqla, onlara istədiyi hökmü verirdi. Belə etirazlar və video-müraciətlər hakimiyyətin əl-qolunu bağlayır. Biz həbsdə olan Yürüş Mehrəlibəyli, Saleh Molla Abbasi, İbrahim Rəşidi, Əli Rəzizadə, Miyat Cəlili Elşən, Mahmud Ocaği və Əsgər Fərəcinin səsi olmağı özümüzə borc bilirik”.
Qeyd edək ki, Ayət (Yürüş) Mehrəlibəyli keçmiş siyasi məhbus və fəaldır. O, 2023-ci il noyabrın 7-də Azərbaycanın Güneyinin Hədişəhr şəhərində Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Saxlanılmasından 77 gün keçməsinə baxmayaraq, ailəsi ilə cəmi bir dəfə qısa telefon danışığına icazə verilib. Ailəsi iki aydan çoxdur ki, onun taleyindən xəbərsizdir. Dövlət orqanları onun son durumu ilə bağlı dəqiq məlumat verməkdən imtina edir.