Bu ilin birinci yarısında DSMF-nin gəlirləri 2,21% artıb

Xəbər - Çingiz Səfərli – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son 6 ayda gördüyü işlər, sosial müdafiə sahəsindəki icra vəziyyəti müzakirə olunub.

AzerTimes xəbər verir ki, iclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulanıb, Fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi bildirilib. DSMF gəlirlərinin 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat təşkil etdiyi qeyd olunub. Daxilolmalara dair illik proqnozun büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edildiyi diqqətə çatdırılıb.

Dövlət başçısının 2019-cu ilin dekabr ayında imzaladığı Fərmanla DSMF-nin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, Fondun öz fəaliyyətini əhaliyə xidmət modelinə keçid istiqamətində qurduğu vurğulanıb. Fəaliyyət sahələrinin optimallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib. İslahatların tərkib hissəsi kimi Fondun fəaliyyət sektorları üzrə mərkəzləşdirmə işləri aparılmaqla bu sahələrdə inzibati idarəetmənin təkmilləşdirilməsinə və xidmətin keyfiyyətinin, operativliyinin, habelə şəffaflığın təminatına nail olunduğu diqqətə çatdırılıb.

İclasda Fondun Maddi Məişət Şəraitinin Müayinəsi, Məhkəmə Mübahisələri ilə İş, Arxiv və İnventarlaşdırma, Sosial Ödənişlərin Təyinatı, Xüsusi Şərtlərlə Təyinat, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallarının son 6 aya dair fəaliyyətinə dair təqdimatlar edilib.


Eyni zamanda, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron informasiya bazasının yaradılması işlərindən bəhs edilib. Yaradılmaqda olan məlumat bazasının müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacağı, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcəyi vurğulanıb.

Teqlər: