Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.
Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.
Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.
Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.