Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək – Hacı Şahin

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq. İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcələr.

AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:

“Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib”.


H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:

“Əlbəttə iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır. Ona görə də, elmi mütəxəssislər bizə deyirsə kütləvi toplaşmaq yoluxmanı artırır, demək dinimiz də bizdən tələb edir ki, qaydalara riayət edək”.

Teqlər: