Bu il paytaxt məktəblərində müəllimlərin orta aylıq maaşı 700 manatdan çox olub

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-ci ildə 741 manat təşkil edib.

İdarədən AzerTimes-a verilən məlumata görə, yekunlaşmaqda olan 2021-ci təqvim ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün davamlı və keyfiyyətli tədrisin təmin edilməsi, təhsildə yeni çağırışlardan doğan tələblərin yerinə yetirilməsi istiqamətində görülən işlərlə yadda qalıb.

2021-ci il ümumilikdə Azərbaycan təhsili üçün pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi sistemə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi səciyyələndirilə bilər.

Ümumi statistika

BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.

Birinci sinfə 46 mindən çox uşaq qəbul olunub

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 2021-2022-ci dərs ili üçün 46 479 uşaq qəbul edilib.

25 444 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.

I sinfə qəbul prosesi

Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr təşkil edilib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib. Müsahibə nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyası da fəaliyyət göstərib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

I sinfə qeydiyyatla bağlı suallar cavablandırılıb

Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Suallar 28-30 aprel 2021-ci il tarixlərində şərhlər vasitəsilə cavablandırılıb.

31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 4 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilib.

46 250 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.

2021-ci ildə 46 250 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

30 məzun qızıl və gümüş nişana layiq görülüb

BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, 2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.

62 Bakı məktəblisi olimpiadada qalib olub

62 Bakı məktəblisi 2021-ci ildə Respublika Fənn Olimpiadalarının qalibi olub.

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 28-i gümüş, 26-sı bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə 62 məktəbli uğur qazanıb.

Məntiq Olimpiadasında 26 paytaxt məktəblisi qalib olub

2021-ci ildə Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 26 paytaxt məktəblisi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub. V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.

Bu il VI Respublika fənn müsabiqələrində 33 şagird qalib olub

Ənənəvi olaraq ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələri keçirilir. 2021-ci ildə, fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.

207 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

Layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.

Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir

2021-ci təqvim ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtda yenidən inşa olunan 90, 97 nömrəli tam orta məktəblərdə və yeni inşa edilmiş 333 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Ölkə Prezidenti yeni tədris ili ərəfəsində paytaxtdakı 71 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

63 nəfər təhsil işçisi təltif edilib

Ölkə Prezidentinin sərəncamlarına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 direktor 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.

Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb

BŞTİ-nin rəhbərliyi və əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.

Həmçinin uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərləri və 2021-ci ildə yubileyi olan direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində müsbət dinamika

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.

Həmçinin paytaxt məktəblərinin 4 məzunu ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək yaşıdlarından fərqləniblər.

Təhsil üçün vaksinasiya

Paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.

Onlardan 17 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Tədris ilinin ilk dərsləri

2021-2022-ci tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Paytaxtdakı 180 məktəbdə 722 təmayül sinif təşkil olunub

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 14 518 şagird təhsil alır.

Qeyd edək ki, təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

100-dən çox şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə elektron jurnal və gündəlik sistemi yaradılıb

Paytaxtın 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Həmçinin “Elektron jurnal və gündəlik sistemi” platformasının istifadəsi ilə əlaqədar 16 210 pedaqoji və 505 inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub.

Paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub

Bu il paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub.

2021-ci ildən Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edir.

BŞTİ-nin Çağrı Mərkəzi yaradılıb

BŞTİ-nin 146-0 nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.

İşə qəbul üzrə 2 343 vakansiya təqdim olunub

Təqvim ilində 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 343 vakansiya təqdim olunub.

2 243 nəfər işə qəbul olunub

2021-ci ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələrinə BŞTİ tərəfindən 2 343 vakansiya təqdim olunub.

Müsabiqələr nəticəsində 2 243 nəfər işə qəbul olunub.

Bunlardan:

721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

1 010 müəllimin iş yeri daimiləşib

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib. Müsahibələr nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.

395 müəllimlə müddətli müqavilə bağlanıb

2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.

105 nəfər direktor müavini vəzifəsinə təyin edilib

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə və yerdəyişmələr nəticəsində 2021-ci ildə BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 105 nəfər direktor müavini təyin olunub. Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə layiq görülüb.

Məktəb idarəçiliyi

2021-ci il ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Belə ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.

117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.

2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.

Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.

Belə ki, 2021-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə 145 nəfər işlə təmin olunub.

TDM-ə işə qəbul müsabiqəsi

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin onlayn qaydada imtahan mərhələsi keçirilib. Üç mərhələdən ibarət müsabiqənin imtahan mərhələsində TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 62 nəfər iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər işə qəbul edilib.

Orta aylıq əmək haqqı 741 manat təşkil edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-ci ildə 741 manat təşkil edib.

“Məktəb hesabatları” dinlənilib

BŞTİ tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsi həyata keçirilib.

Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələləri baxımından əhəmiyyətli olan “Məktəb hesabatları”nın dinlənilməsi paytaxt üzrə bütün məktəbləri əhatə edib.

Məktəb direktorları üçün seminarlar keçirilib

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminarlar keçirilib.

Seminarlarda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Məktəb direktorlarının 5 illik hesabatı dinlənilib

BŞTİ tərəfindən məktəb direktorlarının 5 illik hesabatı dinlənilib və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunub.

Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib.

İdarə müdiri mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, istedadlı şagirdlərlə iş, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.

Diaqnostik qiymətləndirmə nəticələri təhlil olunub

BŞTİ tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib və qiymətləndirmənin təhlilləri aparılıb.

Riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Diaqnostik qiymətləndirmə keçirilib

BŞTİ tərəfindən II-IX siniflər üzrə ikigünlük diaqnostik qiymətləndirmə keçirilib.

Paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib.

Daha sonra diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilərək, nəticələri əldə olunub. Hazırda diaqnostik qiymətləndirmə nəticələrinin təhlili aparılmaqdadır. Yekun nəticələrlə bağlı inkişaf planları tədris ilinin II yarımilində təhsil müəssisələrinə təqdim olunacaqdır.

84 məktəbdə operativ monitorinqlər keçirilib

BŞTİ müdirinin müvafiq əmrinə əsasən, ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib. İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Monitorinq prosesi yekunlaşdıqdan sonra müvafiq təhlillər aparılaraq ilkin nəticələr barədə məlumat veriləcək.

Elektron hesabat və təqdimat modeli yaradılıb

Ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb.

Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaqdır. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub.

“Direktorlar klubu” yaradılıb

Ümumi təhsil məktəbləri direktorlarının vacib mövzular üzrə ictimaiyyətə açıqlığını və kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.

Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılmış klubun əsas məqsədi məktəb direktorlarının təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.

16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar.

“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.

Təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.

Paytaxt üzrə 15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

BŞTİ-nin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

Paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

44 məktəb, 29 müəllim qrant müsabiqəsinin qalibi olub

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 44 layihə qalib olub.

Belə ki, İdarənin tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295, 329 nömrəli tam orta məktəblər, 83 nömrəli məktəb-lisey və 287 nömrəli “Zəkalar” liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim olunan 29 layihə isə fərdi kateqoriya üzrə qalib olub.

“Onlayn dərs” müsabiqəsi keçirilib

BŞTİ tərəfindən “Onlayn dərs” müsabiqəsi keçirilib.

“Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

“Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi

BŞTİ tərəfindən “Qafqazinfo.az” xəbər portalı ilə birgə “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən paytaxt məktəblərinin müəllimləri barədə ətraflı məlumat verilib, onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunub.

“Qazi müəllimlər” kitabı işıq üzü görüb

BŞTİ və “Qafqazinfo.az” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı ictimaiyyətə təqdim edilib.

Kitab geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyidir.

Paytaxt məktəblərinin Vətən Müharibəsində iştirak etmiş 38 müəlliminə həsr olunan kitab gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.

Qeyd edək ki, “Qazi müəllimlər” kitabının ərsəyə gəlməsində verdikləri dəstəyə görə “Qafqazinfo.az” xəbər portalı və “Nar” mobil operatoru BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

“Müəllimin cəbhə gündəliyi” layihəsi

BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

Tədrisin təşkilinə dair birgə layihə

BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən məktəb direktorları üçün “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsi həyata keçirilib.

Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış ediblər.

“Mənim məktəbim” layihəsi həyata keçirilir

BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.

Paytaxtın 125 məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 125 ümumi təhsil məktəbi “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 897 müəllim müvafiq təlimlərdən keçərək sertifikat əldə edib. Həmçinin şagirdlər arasında “Qış onlayn yarışı” və “Kod Saatı: Rəqəmsal Gələcəyə addım” müsabiqələri təşkil olunub.

Bundan başqa, BŞTİ-nin tabeliyindəki daha 125 ümumi təhsil məktəbindən 112 390 şagirdin layihəyə cəlb olunması nəzərdə tutulur.

“eTwinning Plus” layihəsi

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində paytaxt müəllimləri fəal iştirak ediblər. Belə ki, 2021-ci təqvim ilində layihəyə 102 müəllim qoşulub.

Layihə çərçivəsində Bakıda Türkiyə Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunan ikitərəfli əlaqələndirici seminarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 11 müəllim iştirak edib. Layihə əsasında Gəncə şəhərində keçirilən regional konfransa isə 7 paytaxt müəllimi qoşulub.

307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

Belə ki, BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.

2021-ci ildə Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 8 722 şagird cəlb olunub.

Teqlər: