Bu il Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək

Xəbər - Fərid Zöhrabov -Trend:

Məlum olduğu kimi, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınmışdı.

Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra yenicə qədəm qoyduğumuz 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.

Yarışların siyahısını təqdim edirik:

• 29 yanvar 2022-ci il – Batut gimnastikası üzrə 6-cı, Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
• 24-25 fevral – Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı
• 16 mart – Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı
• 25-26 mart – Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Teqlər: