Bu il məzunların 98.7 faizi buraxılış imtahanlarında iştirak edib

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə dair araşdırma aparıb.

AzerTimes xəbər verir ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.

Bu məzunlar barədə məlumatlar 4 000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.

Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib. Ümumilikdə 217 534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyibər. Ümumilikdə 218 505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.

Qeyd etmək lazımdır ki, məzunlar Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətdən (https://eservices.dim.gov.az/sagird/indexsh.aspx) istifadə edərək “Şagird-məzun” sistemində özləri haqqında məlumatlara baxa bilirlər. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu xidmət vasitəsilə DİM-ə düzəlişlərin edilməsi ilə bağlı sorğu ünvanlanması da mümkündür. Vətəndaşlara sözügüdən xidmətdən aktiv istifadə etməyi tövsiyə edirik.

Teqlər: