Bu il keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox əlillik təyin olunub

Bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2
dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov Milli Məclisdə “Əmək pensiyaları
haqqında” qanuna dəyişikliyin müzairəsində deputatların suallarını
cavablandıran zaman deyib.

O qeyd edib ki, ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik
və sosial ödənişlərin təyinatı aparılıb.

Nazir müavini vurğulayıb ki, 2020-2022-ci illər üzrə əlillik
müddəti bitən şəxslərin əlilliyinin uzadılması üçün tibb
müəssisələri tərəfindən e-sistemə daxil edilən göndərişlər (Forma
88) üzrə 57 min şəxsə əlillik təyin edilib.

“Əlillik təyinatından dərhal sonra avtomatik şəkildə proaktiv
qaydada əlilliyə görə sosial ödənişlər təyin olunur. Son illərdə
aparılan sosial islahatlar əlilliyi olan şəxslərə ödənilən sosial
ödənişlərdə də ciddi artımlara imkan verib. 2018-ci ilin əvvəli ilə
müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 82%,
müavinət ödənişləri 3 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan
şəxslərə təqaüd ödənişləri 5 dəfə çox artıb”, – deyə A.Kərimov
əlavə edib.

Teqlər: