Araşdırmaya əsasən, 4 il ərzində Bakıda keçirilmiş “Formula 1” yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Hesabatda 506,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində “Formula 1” ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.
AzerTimes xəbər verir ki. bu barədə Publika.az-a Gənclər və İdman Nazirliyindən bildirilib.
Nazirlikdən verilən açıqlamada vurğulanır ki, bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
“Azərbaycan məşhur avto idman yarışına artıq altıncı ildir ki, ev sahibliyi edir. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-2019-cu illərdə Bakıda təşkil edilən “Formula 1” yarışları ölkə iqtisadiyyatına və turizmin inkişafına əhəmiyyətli dərəcədə fayda verib:
“Formula 1″ sözügedən illər ərzində yerli biznes sahələrində, xüsusən yarışa yaxın aylarda çoxlu sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016-cı və 2017-ci illərdə 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib. Cari ildə də yarışa maraq böyükdür, bu səbədən paytaxta minlərlə turist gəlməkdədir. Yarış müddətində isə 25-30 min azarkeşin “Formula 1” Azərbaycan Qran Prisini izləməsi mümkün olacaq”.