Bu il əlilliyi olan şəxslərə 700-ə yaxın mühərrikli təkərli oturacaq verilib

Cari ilin ötən dövründə ümumilikdə 1600-dən çox əlilliyi olan şəxs təkərli oturacaqla təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, cari ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanıb.

Ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.

Mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” sirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik əsasında işləyir, jostiklə idarə edilirlər. Jostik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.

Eyni zamanda, bu il Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, cari ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.

Teqlər: