Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir neçə erkən nikah halının qarşısı alınıb.
Bu barədə AzerTimes-a komitədən məlumat verilib.
Bildirilib ki, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə institutunun daha da möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi çox vacibdir: “Əvvəllər Azərbaycan Respublikasının Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi. Azərbaycan Beynəlxalq Uşaq Konvensiyasına qoşulduğuna görə (Konvensiyaya əsasən hər bir şəxs 18 yaşadək uşaq sayılır), 18 yaşadək bağlanan nikah erkən nikah hesab edilir.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Azərbaycan Beynəlxalq Uşaq Konvensiyasına qoşulduğuna görə AR Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər”.
Qeyd edək ki, AR Cinayyət məcəlləsinin 176-cı maddəsində qadını nikaha məcbur etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrum etmə, bundan başqa eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin aparılması nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur.
Twitter: @cingizsafarli