Bu il Azərbaycanın ixracı 4 milyard dollardan çox olub

Xəbər - Ceyhun ƏIəkbərov – Trend:

2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard dollar, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dollar təşkil edib.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında qeyd olunub.

İcmalda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.


2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ 18,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Twitter: @JeyhunAlakbar

Teqlər: