Bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib.
Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə Kənd təsərrüfatı naziri İnam Kərimovun yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan fermerlərlə görüşü zamanı deyilib.
Samux rayonunun Alıuşağı kəndində keçirilən görüşdə bildirilib ki, iyulun sonu, avqustun əvvəllərində günəbaxan sahələrində məhsul yığımına start veriləcək. Məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Ötən il sahələrdən orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Günəbaxan əkinlərinin əsas hissəsi Gəncə-Qazax iqtisadi rayonun payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar.