Bu il Azərbaycan xalqı mayın 8-ni Şuşanın işğal günü kimi qeyd etmir, Şuşa artıq əbədi olaraq bizimdir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Bu il isə Azərbaycan xalqı artıq mayın 8-ni Şuşanın işğal günü kimi qeyd etmir. Bu gün Azərbaycan xalqı özünü çox xoşbəxt hissi edir. Artıq Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür:

“Qarabağ xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Bu tarixi şəhər Azərbaycana bir çox şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti dağıdılıb.

Azərbaycan vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli Şuşa artıq azaddır. Bu çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı qeyd etdiyi fikirlər idi”.

Deputat qeyd edib ki, artıq Azərbaycan Şuşada inşa, təmir və bərpa işlərinə başlayıb:

“Qısa müddətdə bu işlər uğurla həyata keçiriləcək və Şuşa dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək.

Azərbaycan xalqı bu qələbəyə Prezident İlham Əliyevin qətiyyətli iradəsi, həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində nail olub. Qarabağ Azərbaycandır və tezliklə bütün azərbaycanlılar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar”.

Twitter: @ElchinMehdiyev

Teqlər: