Bu il 70 milyon manatlıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb

Сari ilin yanvar – mart ayları ərzində hüquq mühafizə orqanları
tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks
əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət
faktı aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu
barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət KomissiyasınınNarkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin
yanvar-fevral-mart aylarının yekununa dair məlumatında deyilir.

Qeyd olunur ki, faktlardan 1010-u narkotik vasitələrin qanunsuz
satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib
saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin
kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər
cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə
müsadirə olunmuş 1 ton 880 kq 475,692 qr narkotik vasitələrin və
psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq
478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161
qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop
maddələr, 4 kq 252,797 qr-nı isə digər narkotik vasitələr təşkil
etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və
2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət
məsuliyyətinə 1732 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb
edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası,
5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olub. Xarici ölkə
vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik
vasitə, 17 kq 956,92 qr psixotrop maddələr və 1,125 qr güclü təsir
edən maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və
psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib və həmin faktlar üzrə
qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb
müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr
və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton
880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin
ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon dollar) kimi
qiymətləndirilir.

Teqlər: