Bu il 600-dən yuxarı bal toplayanların 13 faizi azad edilən rayonların məktəblərinin məzunlarıdır

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1861 nəfər 600 və daha yuxarı bal toplayıb. Onlardan 247 nəfər işğaldan azad edilən rayonlara aid məktəblərin məzunlarıdır.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, ümumilikdə ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkünlərin sayı daimi artım tempinə malik olub. Son 20 ilin göstəricilərinə baxsaq 2001-ci ildə ali məktəblərə qəbul olunan məcburi köçkünlərin sayı 856 nəfər idisə, 2011-ci ildə bu göstərici 2512, bu il isə 6029 nəfərə çatıb.

Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1069 nəfər olub.

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 640 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 196 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 617 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 408 nəfər olmuşdur.

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 28 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülər arasında isə 59 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 16 nəfər kənd məktəbinin məzunlarıdır), 9 nəfər keçmiş işğal altında olan rayonlara aid məktəblərdən, 1 nəfər valideyni əlil olan ailədən, 3 nəfər bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi, həkim, sürücü, mühəndis, satıcı, fəhlə, təqaüdçü və s. ailələrindən olan məzunlar var. Siyahıda olan 22 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 43 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 15, Gəncədə yerləşən məktəblərin məzunlarından 5, Abşeron, Kəlbəcər, Naxçıvan Və Şəmkirdə yerləşən məktəblərin məzunlarından 3 nəfəri bilik öncülləri siyahısında görmək olar.

Xatırladaq ki, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.

Teqlər: