Bu il 21 mindən artıq su sayğacı quraşdırılıb (FOTO)

Bu ilin 10 ayı ərzində daxili imkanlar hesabına 74 km-dən artıq içməli su, 10 km tullantı su xətləri tikilərək istismara verilib, 21 mindən artıq sayğac quraşdırılıb.

“Azərsu” ASC-dən AzerTimes-a verilən məlumata görə, bu il qurumun daxili imkanları hesabına Hacıqabul rayonunun Qarasu və Qızılburun, Saatlı rayonunun Nərimanov kəndi və məcburi köçkün qəsəbəsi, Tovuz rayonunun Düz Cırdaxan, Gədəbəy rayonunun Tərsyer, Goranboy rayonunun Abbasqulular, Qobustan rayonunun Sündü, Şamaxı rayonunun Bağırlı və Küdrəki, Siyəzən rayonunun Sədan və Eynibulaq, Neftçala rayonunun Abbasalı, Tatarməhlə, Uzunbabalı və Mirzəqurbanlı, Biləsuvar rayonunun Xırmandalı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması üzrə layihələr həyata keçirilib.

Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı zəif olan yerlər müəyyən edilib. Həmin ərazilərin bir qismində su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su təchizatı sistemləri mövcud olmayıb və əhali içməli suyu maşınlarla alıb. Bütün bunlar nəzərə alınaraq Bakı şəhərinin Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarında, Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı rayonlarının 16 qəsəbəsində layihələr həyata keçirilib və sakinlərin problemi həll edilib. Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb.

Teqlər: