Bu il 170-ə yaxın uşaq ürək və damar cərrahiyyəsi üzrə əməliyyat edilib

2021-ci ilin yanvar-sentyabr aylarında yaşı 18-dən aşağı 166-a şəxs ürək və damar cərrahiyyəsi üzrə əməliyyat edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, ilkin hesablamalara əsasən, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 368 nəfərini uşaqlar təşkil edib.

Belə ki, 18 yaşdan yuxarı 5322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Cari ilin yanvar-oktyabr ayları ərzində 58 şəhər və rayon üzrə 2 380 464 vətəndaşa 5 756 549 müraciət üzrə 13 130 542 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə isə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Teqlər: