Paşinyan hökumətindən soruşmaq istəyirəm Qarabağdakı ermənilərə “humanitar yük” göndərərkən hansı “bəlkələrə” arxalanırdınız: erməni, rus, yoxsa Azərbaycan? Mənə deyin, supermarketin açıq olub-olmadığını dəqiq bilmədən böyük bir çanta ilə supermarketə gedərdinizmi? Qəbul gününün olub-olmamasından əmin olmadan bütün sənədlər paketini toplayıb məmurun yanına gedərdiniz? Bəs bu supermarket, məmurun qəbulu sizin şəhərdə deyil, başqa bir yerdə yerləşirsə necə? Əgər ağıllısınızsa, əlbəttə ki, yox!
AzerTimes xəbər verir ki, bunu erməni siyasi şərhçi Samvel Ohanesyan deyib.
“İndi isə daha sərt deyəcəyəm: bilsəydiniz ki, supermarket bağlıdır, məmur qəbul etmir, yola düşərdiniz? Siz ki dəli deyilsiniz! Amma bizim hökumət üçün “siz ki dəli deyilsiniz” deməzdim. Ambivalentlik (uyğunsuzluq) ümumiyyətlə şizofreniyanın əlamətlərindən biri hesab olunur. Biz belə aksiyaları, çıxışları çox görmüşük – Qarabağın kimə mənsub olmasından tutmuş Türkiyə ilə münasibətlərə qədər. Artıq üçüncü gündür ki, absurdun açıq mənzərəsinin şahidi oluruq: İrəvanda 400 ton “ərzaq” yığılıb və Qarabağa “humanitar yardım” kimi göndərilib. 19 yük maşınından ibarət karvan Kornidzor kəndinin darvazasına çatıb və gözlənildiyi kimi, Azərbaycan sərhədçiləri tərəfindən buraxılmayıb. “Ərzaq daşıyan” maşınlar hələ də oradadır. “Dəstək” qərarı iyulun 25-də məlum olub. Gecə vaxtı dövlət qurumlarımız “Spayka” nəqliyyat şirkətini podratçı seçərək karvan yığdılar. Və “İrəli, gedək – dağlardan, dərələrdən keçək” dedilər… Mənə izah edin, bizim bu hökumət “humanitar karvan”ın keçmə proseduru ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı razılığa gəlibmi? Birbaşa, Blinken, Mişel, Lavrov, BMT, Qırmızı Xaç, Nigerdəki Prezident Bazum, Krişna cəmiyyəti vasitəsilə – fərqi yoxdur, kiminsə vasitəsilə – razılığa gəlib? Bakı on tonlarla “ərzağın” keçməsinə razılıq verib? Verməyib. Və razılıq verəcəyinə dair heç bir əlamət yoxdur”, – o bildirib.
Ohanesyan Qarabağa göndərilən “humanitar yardım”ı tamaşa adlandırıb:
“İndi mənə izah edin: bütün bu tamaşa niyə lazım idi? Vergi ödəyicilərimizin pulunu niyə xərcləyirik? Laçın keçid məntəqəsinin qapısında Azərbaycan sərhədçilərinin gülüşlərinə tamaşa etməyə məcbur olan daşıyıcı şirkətin sürücülərinə niyə əzab verirsiniz? Paşinyan hökumətinin cənab nazirləri, siz hansı “bəlkələrə” ümid edirdiniz? Bəlkə erməni “bəlkəsinə” ümid edirsiniz ki, hərəkətimizlə dünya ictimaiyyətinin diqqətini çəkə biləcəyik və bununla Bakıya təzyiq göstərəcəyik? Ola bilsin ki, rus “bəlkəsinə” ümid edirsiniz? Rus sülhməramlılar sizi necəsə keçirdər deyə ümidlənmisiniz? Rusların lazım gəlsə hərbi qarşıdurmaya girəcəyinə arxalanmısınız?
Azərbaycan “Laçın” keçid məntəqəsinin qapılarını açmayacaq. Bakı üçün bunu etmək, zəifliyini nümayiş etdirmək, manipulyasiya edilə biləcəyini göstərməkdir. Yoxsa azərbaycanlıların qəddarlığını bütün dünyaya göstərmək istəyirdiniz? “Baxın onlara “humanitar yük” göndərdik, buraxmırlar, biz qurban, onlar isə despot…” Simonyan dünən deyib: “Bakı “humanitar karvan”ı yolun girişində saxlayıb”. Dünyanın kiminsə dərdi, başqasının problemi vecinə deyil. Beynəlxalq Ədalət Məhkəməsi yolun “qanunsuz” şəkildə bağlanması barədə qərar çıxarıb. Avropa, ABŞ, Rusiya Azərbaycanı Laçın yolunu açmağa çağırır. Nə olsun? Bakıya indi həm Qərbin, həm də Rusiyanın ehtiyacı var”.