Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı yerli və xarici media orqanlarında diqqət mərkəzindədir.

“Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzulu görüşdə çıxış edən Prezident Hərəkatla, beynəlxalq vəziyyətlə və konkret dövlətlərin timsalında müstəmləkəçiliklə, işğallarla, eləcə də Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə mane olanlar haqqında faktlarla danışdı.

Qoşulmama Hərəkatı Azərbaycana, Azərbaycan Qoşulmama Hərəkatına nə verib?

Öncə onu vurğulayaq ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr Ermənistanın Azərbaycan torpaqlarını işğalı vaxtında, 44 günlük müharibənin gedişində və müharibədən sonrakı dönəmdə bizim ədalətli mövqeyimizi dəstəkləyib. – “2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar”. – Yalnız bu prinsipial mövqe nümayişi belə Hərəkatın Azərbaycana səmimi münasibətini göstərməkçün yetərlidir. Bu, eyni zamanda, bizim Hərəkata səmimi töhfələrimizin təntənəsidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəm bu beynəlxalq platformanın qızıl dönəmidir. Hərəkat institusional inkişaf baxımından da, beynəlxalq aləmdə nüfuzunu yüksəltmək baxımından da önəmli məsafə qət edib. Ayrıca, Azərbaycan Respublikası COVİD-19 pandemiyası vaxtı Hərəkatın bir sıra üzvlərinə sanballı yardımlarda bulunub. Belə yardımlar həm birbaşa, həm də ÜST xətti ilə baş tutub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Hərəkatın COVİD-19-la mübarizədə beynəlxalq həmrəyliyə nail olmaq məqsədi ilə həyata keçirdiyi önəmli tədbirlər unudulmazdır. BMT Baş Assambleyası məhz bu təşəbbüs əsasında toplandı, müzakirələr aparıldı, çağırışlar edildi, tövsiyələr səsləndirildi və qətnamə qəbul olundu. Bu, Hərakatın böyük uğuru idi.

Əlbəttə, qarşılıqlı dəstək və səmimi töhfələrdən çox danışmaq olar; indi gəlinmiş mərhələdə yeni gündəliklər, məsələlər meydana gəlir. Özəlliklə, Rusiya-Ukrayna müharibəsi fonunda Orta Dəhliz, o cümlədən fəhlizin Zəngəzur hissəsi ilə bağlı mövzu aktualdır.

Zəngəzurdan danışırıqsa, yeni reallıqlardan da danışmış oluruq. Bu reallıqları kim yaradıb? – Azərbaycan! Əgər 44 günlük müharibədə Azərbaycan tarixi Zəfərə imza atmasaydı, bölgəmiz, tərəfdaş ölkələr xeyli çətin dönəmdə qalacaqdı. Bizim yaratdığımız yeni reallıqlar ana materik başda olmaqla yaxın-uzaq coğrafiyalarda sosial-iqtisadi, ticari əlaqələrə müsbət təsirə malikdir. Zəngəzur dəhlizi Qoşulmama Hərəkatı ölkələrinin bir çoxunu biləvasitə təsirləndirir, digərləri üçün də maraq kəsb edir.

Bəli, Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” kəlamı özünü doğruldur.

Biz bizə bəslənən yüksək beynəlxalq etimadı məsuliyyətlə, şərəflə yerinə yetiririk.

Əlbəttə, Azərbaycan Respublikasının Konstitusiyasına, Qoşulmama Hərəkatının Əsasnaməsinə, “Bandunq prinsipləri”nə əsaslanan fəaliyyətlə Azərbaycan-Qoşulmama Hərəkatı qarşılıqlı əlaqələri, ölkənin Hərəkata, Hərəkatın ölkəmizə töhfələri daha böyük perspektivlər vəd edir. Mürəkkəb dünyamızda Qoşulmama Hərəkatının rolunun artması bəşəri maraqlara cavab verən beynəlxalq humanitar aktdır.

“Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir”. – Hərəkat sədrinin qətiyyətli mövqeyi hazırkı beynəlxalq durumu və vəzifələri dəqiq göstərir.

Fransa (və onun kimi dövlətlər) beynəlxalq çağırışlara cavab verməlidir. Fransa (və onun kimi dövlətlər) başqa coğrafiyalarda – onlara aidiyyəti olmayan mövzularda suyu bulandırmaq cəhdlərindən əl çəkməlidir. Bu deyilənlər Fransanın və daha dörd böyük ölkənin daimi üzv olduğu BMT Təhkükəsizlik Şurasının yenidən şəkillənməsinin zəruriliyini də ifadə edir. Özü müstəmləkəçi olan ölkə (ölkələr) Yer üzündə barışı, ədaləti necə təmin edər? – Absurddur. İlk öncə öz soyqırım keçmişi ilə üzləşməli olan Fransa, əlaqədar ölkələrdən, xalqlardan üzr istəməli, bundan sonra başqa ölkələrin daxili işlərinə qarışmamalı, dünyada ədalətin təntənəsinə xidmət etməlidir. Makron Fransasından bunu gözləmək sadəcə sadəlöhvlük olardı. Gərək beynəlxalq qınaq olsun, qətiyyətli çağırışlar, davamlı siyasi iradə olsun.

– “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi”.

Fransanın müstəmləkəçilik siyasəti yalnız keçmişi ifadə etmir, Fransa yeni məzmun və forma biçməyə çalışaraq yenə müstəmləkəçilik etmək, başqa dövlətləri təsir altında saxlamaq istəyir.

Azərbaycan Prezidenti bir çox digər platformalarda olduğu kimi, yenə Fransanın Ermənistanı və erməni separatizmini dəstəkləməsinə – fransız ikilistandatlarına diqqət çəkdi:

“Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır”.

Özəlliklə, Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi də daxil olmaqla, Paris və digər fransız şəhərlərində yaşanan olaylar Makron Fransasının mahiyyətini (mahiyyətsizliyini) əyani şəkildə göstərir. Göstərir ki, Fransada irqçilik, islamofobiya davam və inkişaf edir. Belə düşüncə (düşüncəsizlik) Fransanın beynəlxalq aləmdə ədalət arayışlarında, sülhyaratma proseslərində yeri olmadığını göstərir.

Dövlətimiz var olsun!

Teqlər: