Bu, hərbi təhdiddir: Bakı preventiv addım ata bilər

Bu, hərbi təhdiddir: Bakı preventiv addım ata bilər

Fransa Paşinyanın köməyi ilə Cənubi Qafqaza gəlmək istəyir. Paris tərəfindən ciddi şəkildə gedişat var: Fransa tarixində ilk dəfədir ki, hərbi-siyasi baxımdan onlar artıq Cənubi Qafqaz ölkələrinin birində -Ermənistanda güclənməkdədirlər.

Bu sözləri AzerTimes-a politoloq Zaur Məmmədov Paris-İrəvan əlaqələrinin inkişafını şərh edərkən deyib.

Onun sözlərinə görə, ötən il AB missiyasını bölgəyə gətirən Emmanuel Makron bu il də faktiki olaraq NATO tərkibində, Türkiyəni çıxmaq şərti ilə, “xüsusi missiya”nı genişləndirməklə ona Ermənistanda əlavə yeni funksiyalar verilməsinə nail olub:

“Bakıda keçirilən Qoşulmama Hərəkatının tədbirində Prezident İlham Əliyev kolonializmə qarşı çıxışı zamanı da açıq bəyan etdi ki, Fransa hansı çirkin əməllərlə məşğul olub. Onların istər Afrikada, istər okean ölkələrində və Cənubi Qafqazda atdığı addımlar, əlbəttə ki, xalqların müstəqilliyinə, onların sivilizasiyasına qarşı yönəlib. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın dişsizliyi Qərbin sürətlə Ermənistanda yerləşməsinə imkan yaradır. Militarist Fransanın apardığı siyasət bölgəni yeni müharibəyə sürükləyə bilər”.

Politoloq hesab edir ki, Fransa Ermənistana təkcə siyasi baxımdan deyil, hərbi baxımdan da dəstək verir:

“Gələcəkdə “AB-nin xüsusi missiyası” adı altında keçmiş kəşfiyyatçılar, polis və təhlükəsizlik orqanın nümayəndələrindən ibarət 500 nəfər Zəngəzurda yerləşə bilər. Yaxın aylarda fransız silahlıları Göyçədə və Zəngəzurda ola bilər. Bu, birbaşa olaraq Azərbaycanın müstəqilliyinə, təhlükəsizliyinə təhdiddir. Bununla bağlı ölkəmiz preventiv addımlar ata bilər. Makron da başa düşsün ki, onun sülhə qarşı apardığı təxribat siyasəti ona gətirib çıxara bilər ki, Ermənistanın adını xəritədə kimsə tapa bilməsin. Ona görə, diqqətli olmalıdırlar. Hazırda Azərbaycanı təhdid edirlər. Bizə qarşı təkcə sanksiyalardan və siyasi təhdiddən söhbət getmir, həm də hərbi təhdid var”.

Teqlər: