Bu həftə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürəcək

Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.

PFL-dən AzerTimes-a verilən məlumata görə, sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.

İlk “onluq”da mövsümün daha bir iştirakçısı “Qəbələ” də var. “Keşlə” kimi “qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.

14-cü olan “Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Eyniadlı şəhərin ən yaxşı komandası olmaq üçün sumqayıtlılara 2 xal lazımdır.

Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan “Zirə” də, 30-cu olan “Səbail” də, 37-ci olan “Sabah” da 2021/22 mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.

Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.

Teqlər: