Bu, heç bir sözlə ifadə edilə bilməyəcək Qələbədir – Tuğlular Prezidentin Xocavənd səfəri barədə (FOTO)

Xocavənd. Ceyhun Ələkbərov – Trend:

Bu gün bir sıra media nümayəndələri Xocavənd rayonunda səfərdə olublar.

Səfər çərçivəsində jurnalistlər Prezident İlham Əliyevin martın 15-də qarşısında çıxış etdiyi Tuğ məktəbində olublar. Orada onlar erməni vəhşiliyinin izlərini gözləri ilə görüblər.

AzerTimes-ın Qarabağ bürosu səfər zamanı sözügedən məktəbin məzunu Ramiz Göyüşovu danışdırıb, onun təəsüratlarını alıblar. Bundan əlavə, 4 yaşı olarkən ata yurdunu məcburi şəkildə tərk edən Fuad Göyüşov da öz xatirələrini bölüşüb.

Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əsas özəlliklərindən biri onun Azərbaycan və dünya tarixi üçün xüsusi əhəmiyyətə malik məşhur Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşməsi, kəndin ərazisində erkən orta əsrlərə aid bir neçə alban məbədinin olmasıdır. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib.


Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından biri də Xocavənd rayon Tuğ məktəbidir. Ermənilər bu məktəbi də dağıdıb, ali təhsil ocağından geriyə yalnız yarımuçuq divarlar qalıb.

1991-ci il oktyabrın 30-da ermənilər tərəfindən işğal edilən kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.

Teqlər: