Bu halda Mirzoyan istefa verməlidir – Brayza

Bu halda Mirzoyan istefa verməlidir – Brayza

BMT-nin Təhlükəsizlik Şurasının iclasında həmkarı Ceyhun Bayramovun çıxışı zamanı zalı tərk etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qeyri-etik jesti tarixdə görünməmiş hal deyil. Mən Mirzoyanın bu addımını ölkəsini sarsıdıcı hərbi-siyasi məğlubiyyətə uğradan ölkənin xarici işlər nazirini dinləməklə bağlı alçaltmadan və emosional sıxıntıdan qaçmaq istəyi kimi izah edərdim. Əlbəttə, əgər bu jest baş nazir Nikol Paşinyanın Qarabağın etnik erməni icmasının qəbul etməsi üçün çağırdığı dinc gələcək əleyhinə etiraz idisə, o zaman Mirzoyan istefa verməlidir.

AzerTimes xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.

“Əslində Mirzoyan hər zaman Paşinyanın barışdırıcı ritorikasını təkrar edib və hətta qabaqlayıb da. Misal üçün, o, erməni liderinin bunu etdiyindən xeyli əvvəl Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıması imkanını açıq elan edib”, – deyə Metyu Brayza vurğulayıb.

Azərbaycan tərəfindən bütün ərazisi üzərində suverenliyin bərpa edilməsi və separatizmin kökünün kəsilməsindən sonra regional persperkivlərdən danışan ekspert ehtiyatlı nikbinlik ifadə edib.

“Əgər erməni tərəfi çərşənbə günü atəşkəs barədə əldə edilmiş razılaşmanı tam yerinə yetirərsə, mən Cənubi Qafqazın ən azı Azərbaycan və Ermənistanla bağlı olan gələcəyinə nikbinliklə baxıram. Aydındır ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan sülh sazişinə nail olmağa çalışırlar. Qarabağ regionunun etnik erməni icmasının qalan hissəsini siyasi girov kimi saxlayan Ermənistandan və Qarabağdan olan ekstremist siyasi qüvvələr onların əsas maneələri olub. Erməni silahlı qruplaşmalarının Qarabağda olduğu müddətdə Paşinyanın ekstremist düşüncəli siyasi rəqibləri ona təzyiq edə bilirdilər ki, o qətiyyətli olsun və gələcəkdə hərbi güc tətbiq etməyə hazırlaşsın. Belə yanaşma, əlbəttə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın pozulması idi. İndi, bu ciddi maneə aradan qaldırıldıqda, sülh sazişinin gələcəyi əhəmiyyətli dərəcədə aydınlaşır”, – deyə keçmiş səfir qeyd edib.

Metyu Brayza sonda qeyd edib ki, indiki şəraitdə, Azərbaycan bütöv ərazi üzərində nəzarəti bərpa etdikdə, Ermənistanın baş naziri isə Qarabağ ermənilərini sülhə və nəticə kimi Azərbaycan cəmiyyətinə reinteqrasiyaya hazırlaşmağa çağırdıqda, sülh sazişinin bağlanmasına yeni və əhəmiyyətli impuls yaranıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hesab edir ki, buna baxmayaraq, Paşinyan münaqişəni sülhdən üstün tutan Ermənistandakı ekstremist siyasi qüvvələr tərəfindən sülh prosesinə qarşı güclü müqavimətlə üzləşməyə davam edəcək.

Teqlər: