İran istənilən halda zərbə endirməlidir. Əgər Tehran Haniyənin İran ərazisində öldürülməsini cavabsız qoysa, bu, İslam Respublikasının beynəlxalq prestijini yerlə-bir edər.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev İranın İsrailə gözlənilən hücumunu şərh edərkən deyib.
O bildirib ki, Tehranın bu hücumu cavabsız qoyması İsrailin İran ərazisinə istənilən vaxt hücum edə biləcəyi anlamına gələr:
“İranın qonağı Tehranın mərkəzində öldürüldü. Halbuki o, İran lideri ilə görüşüb, ardınca prezidentin andiçmə mərasimində iştirak etmişdi. Və bunlardan sonra Haniyənin qaldığı bina yerlə-yeksan edildi. Buna İran necəsə cavab verməlidir. Zərbə endirməsə, İran bir qüvvə kimi beynəlxalq müstəvidə ciddiyə alınmayacaq. Bunu ABŞ da bilir. Ancaq buna baxmayaraq, İsraili Yaxın Şərqdə əsas müttəfiq kimi qorumaq öhdəliyi var. Ona görə də qırıcılarını aktivləşdirir”.
Politoloq İranın İsrail ərazisinə aprelin 14-də etdiyi hücumunu da xatırladaraq bildirib ki, növbəti zərbə də eyni şəkildə nəticələnsə, Tehranın nüfuzu itəcək:
“İran Qərblə birbaşa eskalasiyaya getmək istəmir. Çünki İsrailə vurduğu zərbə həddən artıq böyük olarsa, ABŞ və Böyük Britaniya İsrailin yanında çıxış eləməyə məcbur ola bilər. Buna görə də böyük ehtimal öncədən Qərbi hansısa şəkildə məlumatlandıracaq. Ancaq bu, keçən dəfəki kimi məlumat verib, raket və dron atışı olacaqsa, bunun real effekti olmayacaqsa o zaman da İranın ciddiyyəti qalmayacaq. Bu baxımdan çox təhlükəli məqamdır. İran elə bir cavab verməlidir ki, həm İsrailə Tehrana bu cür zərbələr endirməsinin təhlükəli olduğu mesajını versin, həm də Qərblə açıq konfrantasiyaya getməsin. Ona görə də ola bilər ki, İran İsrailə cavab zərbəsində ya proksi qüvvələrindən, Hizbullahdan istifadə eləməyə çalışsın, ya da yeni növ raketlər, dronlar sınaqdan keçirsin”.