Bu günədək Bakı, Sumqayıt və Abşeronda identifikasiya edilmiş heyvanların sayı açıqlanıb

Azərbaycan Respublikasının Prezidentinin “Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanı ilə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə
heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının
formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının
identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasının təmin
edilməsi tapşırılıb. İdentifikasiyanın həyata keçirilməsində məqsəd
hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə
nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan
süfrəyədək” nəzarətinə nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyindən
Trend
-ə verilən məlumata görə, bununla əlaqədar olaraq kənd
təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin
yaradılması və tətbiqi üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq
əmri ilə “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”na uyğun
olaraq müvafiq proqram təminatı hazırlanıb və təlimlər
keçirilib

Heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün
pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib.
Həmin ərazilərdə baytarlıq fəaliyyəti ilə məşğul olan 29 özəl
baytar həkimi ilə heyvanların birkalanması və həmin heyvanlar
barədə toplanan məlumatları sistemə daxil etmək üçün xidməti
müqavilə bağlanılıb. Onlara təlimlər keçirilib, lazım olan
avadanlıq və ləvazimatlarla təmin olunublar.

Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin və Heyvan Sağlamlığı və
Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndələri və özəl baytar
həkimlərin iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində fərdi
heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və
məlumatların sistemə daxil edilməsi prosesi həyata keçirilib.

Ümumiyyətlə, bu günədək Abşeron rayonu üzrə 20 176 baş, Sumqayıt
şəhəri üzrə 3 210 baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu
heyvan birkalanıb, təsərrüfat və heyvanlar haqqında məlumatlar
heyvanların identifikasiyası və qeydiyyat sisteminə daxil
edilib.

Proses davam etdirilir.

Teqlər: