Bu günə qədər Şahdəniz yatağında ümumilikdə 32 quyu, o cümlədən Şahdəniz 1 çərçivəsində 11, Şahdəniz 2 çərçivəsində isə 21 quyu qazılıb.
BP-dən AzerTimes-a verilən məlumata görə, bu quyulardan 19-u hazırda istismardadır.
Qeyd edək ki, Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.
Şahdəniz üzrə HPBS-nin imzalanması və Şahdəniz perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. Şahdəniz yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. Bu yaxınlarda istifadəyə verilən Cənub Qaz Dəhlizi (CQD) sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı. Bu, ölkənin Avropaya irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.
Şahdəniz üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. Şahdəniz üzrə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NIKO (10,0%) və Cənub Qaz Dəhlizi Apstrim (6,7%).