Bu gündən rezidenturaya sənəd qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün
rezidenturaya qəbul elan edir.

DİM-dən AzerTimes-a verilən
məlumata görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək
üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.

Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün
2022-ci il aprelin 25-dən mayın 5-dək, I mərhələsinin 2-ci cəhdində
iştirak etmək üçün isə 2022-ci il iyunun 1-dən 5-dək Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi
kabinet
” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan
məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba
məbləği əlavə etmək üçün ödəniş üsulları ilə
epayment.dim.gov.az
internet səhifəsində tanış ola
bilərsiniz.

Namizəd “Şəxsi
kabinet
”inin istifadəçi adı və parolundan istifadə etməklə
2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin internet saytının
müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov)
daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və
təsdiq edir (etdirir).

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul
imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə
keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanının 2022-ci il mayın 15-də,
baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar
imtahanının (2-ci cəhd) 2022-ci ilin iyunun 19-da, ixtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə 2022-ci ilin
avqustun 21-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər
iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1
(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan
nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (topladığı
bal 40 və daha çox olan) namizədlər buraxılırlar.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat
30 dəqiqə vaxt ayrılır.

Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanında topladığı bal 50-dən az olmayan namizədlər
buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında
dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə
ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test
tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura»
jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron
ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Jurnalı kitab köşklərindən almaq və ya
www.abiturient.az
saytından sifariş etmək olar.

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər
(rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya
rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş
(semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən
müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40
və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq
hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam
bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1,
2022, səh. 2).

3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında
iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə
ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam
bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ
əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya təqdim etməklə
qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə
qalır.

Teqlər: