Bu gün Vikipediyanın yarandığı gündür

Xəbər - Fərid Zöhrabov – AzerTimes:

İnternet üzərində hər hansısa bir məlumat axtaran zaman ilk müraciət edilən ünvanlardan biri olan Vikipediya Elektron Esiklopediyasının və ya qısaca “Vikipediya”nın bu gün 21 yaşı tamam olur. Vikipediya, internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

Bunu AzerTimes-a Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov deyib.

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.

Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.

Təxminən bir il sonra 2002-ci ilin 13 Yanvar tarixində isə vikipediyanın azərbaycanca dil bölməsi yarandı. Geridə qalan son 20 il ərzində azərbaycanca vikipediya xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediyası olaraq öz yerini almışdır. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində vikipediyanın azərbaycanca olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.

Bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Daha dəqiq desək “alexa.com”un açıqladığı statistikaya əsasən dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır və bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki “Vikipediya”nı qoruyub, zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin. Son olaraq isə hər birinizi “Vikipediya”nın 21 illiyi münasibəti ilə təbrik edirəm.

Teqlər: