Bu gün Şuşa diplomatik mərkəz rolunda çıxış edir – Hikmət Hacıyev

Şuşa. Trend:

Azərbaycan ilə BMT əməkdaşlığına baxdıqda müstəqilliyimizin ilk
illərində Azərbaycan BMT-də daha çox yardımın, təhlükəsizliyin
istehlakçısı qismində çıxış edirdisə, artıq bu gün Azərbaycan BMT
sisteminə töhfə verən, BMT-nin məqsədlərini dəstəkləyən bir
ölkədir.

AzerTimes-ın məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə
açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, BMT ilə Azərbaycan arasında
münasibətlərin 30 illiyi məhz Azərbaycanın mədəni paytaxtı olan
Şuşa şəhərində qeyd edilir:

“Azərbaycan 1992-ci ilin mart ayında BMT-yə üzv oldu və iki
aydan sonra Şuşa şəhəri Ermənistan tərəfindən işğal edildi. Bu dövr
ərzində Şuşa şəhəri işğal altında olmuş, dağıdılmış və xarabalığa
çevrilmişdi. Ancaq Vətən müharibəsində Azəbaycanın əldə etdiyi
qələbədən sonra Şuşa şəhəri azad edildi. Bu gün Şuşa şəhəri
Azərbaycanın mədəni paytaxtı olmaqla bərabər BMT ilə Azərbaycan
arasında münasibətlərin qarşıdan gələn dövr ərzində müzakirə
olunduğu diplomatik mərkəz rolunda da çıxış edir və bunun böyük
siyasi, diplomatik və rəmzi mənası var”, – Prezidentin köməkçisi
əlavə edib.

Teqlər: