Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd; baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçiriləcək.
DİM-dən AzerTimes-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib.
İştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– imtahana buraxılış vərəqəsi;
– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.