Bu gün Qədir-xum (bayramı) günüdür

Bu gün Qədir-xum (bayramı) günüdür

Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – “Həccül-vida”dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: “Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…”. («Maidə» surəsi, 67)

Bundan sonra Həzrət Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: “Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?”.

Hamı uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!”

Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?”

Hamı cavabında dedi: “Bəli, inanırıq!”

Rəsuli-Əkrəm (s) dedi: “İlahi, şahid ol!”

Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: “Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?” – müsəlmanlar cavab verdi: “Allah və Onun peyğəmbəri daha yaxşı bilir!”

Peyğəmbər (s) buyurdu: “Allah Təbarəkə və Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!”.

Sonra buyurdu: “Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) – onun rəhbəridir”.

Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: “İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!”

Sonra əlavə etdi: “Burada hazır olanların vəzifəsi – bu xəbəri burada olmayanlara çatdırmaqdır”.

Əziz Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: “Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…”. («Maidə» surəsi, 3)

Bundan sonra Peyğəmbər (s) buyurdu: “Allah böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi və nemətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi”.

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq dedilər: “Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!”

Nazil olunan ayədən görünür ki, Peyğəmbərimizin (s) ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ – onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddəratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin.

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Əli (ə) vilayətinə görə Rəbbimizə həmd

İnancımızın nəzərində həmd – ən önəm veriləsi məsələlərdən biridir. Hər gün namazda da biz dəfələrlə həmd edirik – “Əlhəmdulilləhi Rabbil-aləmin” deyirik. Təfsirşünaslar Qurani-Kərimdə gələn “həmd” anlamının izahında bəyan edirlər ki, “həmd” – mahiyyətcə, zati etibarilə gözəl işlərə aid olur, onlara düşür. Yəni biz, pis işə görə, yaxşı olmayan bir işə görə “həmd” demərik. “Həmd” yalnız gözəl olan məsələlərə aiddir.

Bizim hər gün qıldığımız namazda, “Fatihə” surəsində dediyimiz “Əlhəmdulilləhi Rabbil-aləmin” o deməkdir ki, yəni, bir neçə sayda olan deyil, bir neçə formada olan deyil, bütün “həmd”lər, “həmd” adına olan hər nə varsa, hamısı aləmlərin Rəbbi olan Allaha aiddir. Bu, o deməkdir ki, bütün “həmd”lər bizləri var edən, bizləri tərbiyə edən, hər an vücud verən, hər an mövcudiyyətimizi təmin edən, hidayət edən, istiqamətləndirən Rəbbimizə aiddir. Çünki, Rəbbimiz bütün bu sadalananları o qədər gözəl edir ki, bütün “həmdlər” yalnız Ona aiddir.

Həmin “Rabbil-aləmin”in içərisində olan ən mühüm məsələlərdən də biri budur ki, Rəbbimiz bizlərə İmam Əli (ə) vilayətini nəsib edib. Allah Təala insana özünü tanımaq üçün ağıl verib, özünü dərk etmək üçün şüur verib. Əgər gecə-gündüz bunun həmdini etmək istəsək, edib qurtara bilmərik. Hələ başqa məsələlər kənara qalsın, insanın bütün ömrü bir dərketmə və şüura malik olmağın həmdini belə etməyə çox azdır.

İnsan o qədər çaşıb, o qədər xətalıdır, o qədər unutqandır ki, bəzən vaxtını qəribə-qəribə məsələlərin ardınca getməyə sərf edir. Allah bizlərə sonsuz sayda nemətlər nəsib edib. Amma, bunun ən böyüyü, ən birincisi və ən zərurisi – ağıl nemətidir. Əgər ağıl olmasa, Onu tanıya bilmərik, ağıl olmasa, Onun buyuruşlarını anlaya bilmərik. Məhz ağılın hesabına biz Rəbbimizin nəbilərini (ə) tanıya bilirik, nübuvvət nemətindən bəhrələnə bilirik. Biz ağılın hesabına Həzrət Əmirəlmöminin Əlinin (ə) vilayətinin labüdlüyünü, zəruriliyini, birmənalılığını anlaya bilirik. Elə buna görə də bütün həmdlərin Allaha və yalnız Allaha, aləmlərin Rəbbi olan Allaha məxsus olduğunu iqrar edirik.

Qədir-Xum – bayramların bayramı

Qədir-Xum gününün xüsusi əməllərindən biri də elə budur ki, möminlər bir-biri ilə görüşən zaman bu zikri ifadə edərlər: “Həmd olsun o Allaha ki, bizləri Həzrət Əmirəlmömininin (s) vilayətindən yapışanlardan, tutanlardan qərar verib”. Bu, Allahın Rəbbliyinin, Rəbb kimi bizə lütf etdiklərinin, Rəbb kimi bizə hədiyyə, inayət etdiklərinin ancaq biridir ki, gecə-gündüz buna görə həmd etsək də, azdır. Həmdimiz buna görədir ki, Rəbbimiz bizə ən kamil və gözəl inayəti ilə Həzrət Əlinin (ə) vilayətini tanımağı nəsib edib.

Qədir-Xum günü – bayramların bayramıdır. Qədir-Xum bayramı bəzi hədislərə görə, bayramların ən gözəlidir. Çünki Qədir-Xum günü elə bir gündür ki, onun haqqında Rəbbimiz Özü Qurani-Kərimdə danışıb. Rəbbimiz bu gün haqqında Özü birbaşa, aydın şəkildə bəyan edir. Rəbbimiz çatdırır ki, Qədir-Xum günü – bir gündür ki, dinimiz həmin gün kamala çatıb.

Qədir-Xum elə bir gündür ki, bu gündə Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün müsəlman kimliyinə malik olan insanlar üçün vilayətinin elan olunması ilə, Peyğəmbərdən (s) sonra dinin bitmədiyi, İslamın nəzəri olaraq yekunlaşmadığı, dinin əməli yaşantısının Əlini (ə) tanımaqdan və Əli (ə) yolçusu olmaqdan keçdiyi bəyan edilir. Bunu Qurani-Kərim dinin kamala çatdığı, nemətlərin tamam olunduğu bir gün kimi bəyan edir.

Qurani-Kərim bu günü İslamın bir din olaraq Allah tərəfindən bəyənilmiş olduğu gün kimi bəyan edir. Yəni Əlini (ə) tanımaq olmasa, Həzrət Əmirəlmömininin (ə) vilayətinin dərki olmasa, Həzrət Əlinin (ə) yolçusu olmaq olmasa, din naqis olar, nemətlər tamamlanmaz, İslam Allah tərəfindən bəyənilmiş halda olmaz. Qədir-Xum günü – bu həqiqətlərin bəyan olunduğu gündür.

İslam dini Əmirəlmömininin (ə) vilayəti ilə kamilliyə çatdı

Qədir-Xum elə bir gündür ki, dinimizin kamil olması ona aiddir. Bu gün – dünyanın hər bir yerində ucalan, dünyanın bütün coğrafiyalarında ağıllı, düşüncəli, vicdanlı insanların qəlblərini fəth edən, dünyanın hər qarışında insanların qəlblərində minarə ucaldan, insan qəlblərində azan səsi ucaldan İslam dininin kamilliyə çatdığı bir gündür.

O dinimiz ki, onun məntiqi qarşısında, onun əxlaqı qarşısında, təmizliyi qarşısında, sivilizasiya iddiasında olanların bəzisi öz dəyərlərindən geri çəkilərək köhnə Avropa barbarlığına, nasistliyə, faşizmə qayıtmaqdadırlar və dəlillə yox, məntiqlə yox, minarələri qadağan etməklə, bəzən hicabı yasaqlamaqla ona güc gəlmək fikrinə düşürlər. Bu gün, bütün dünyanın onun əzəmətini dərk etməkdə olduğu, İslam düşmənlərinin əlindən gələni edərək, onun qarşısına çıxmağa çalışdığı bir dinin kamilliyə çatdığını Allah Quranda bəyan edir.

İslam bir din olaraq addım-addım Ərəbistan yarımadasından yayılaraq, coğrafiyasını genişləndirdi. Dünyanın hər bir yerinə yayıldı, yayılacaq və ən çətin vəziyyətlərdə də yayılmaqdadır. Və bu gün İslamın minarələri ilə zahirdə nə etmək istəsələr də, qəlblərdə heç kim heç nə edə bilməyib və edə də bilməyəcək. Dünyada sökülən məscid və minarələrin müqabilində axtarışda olan vicdanlı qəlblərdə daha çox minarələr ucalacaq.

Qədir-Xum – iradəvi sevincin yaşantısı olan gündür

Bayram günü gərək insan bayramın nə olduğu barədə də düşünsün. Bayram o gündür ki, insan həmin gün Allah bəndəsi ola bilir. Bayram o gündür ki, biz həmin günü Allahın bəyəndiyi kimi yaşaya bilirik, Allahın çəkindirdiklərindən çəkinirik. Bu mənada insan öz həyatında Rəbbindən bol-bol bayram günləri istəməlidir.

Qədir-Xum bayramı da elə bir gündür ki, onun bir neçə gün ərzində qeyd olunmasına ehtiyac var. Bu günün içərisində o qədər fəlsəfələr, gözəlliklər var ki, onların açılışı üçün xeyli vaxta ehtiyac var. Bircə bunu demək kifayətdir ki, Qədir-Xum elə bir bayramdır ki, Rəbbimiz həmin gündə sevinməyi və sevindirməyi bizlərə vacib, təkidli buyuruş kimi qoyub.

Necə ki, Aşura günündə iradəvi qəmlənmə, Əba Əbdillahın (ə) mübarək şəhadəti ilə bağlı iradəvi kədər hissini yaşama kimi gözəl bir nemət var, Qədir-Xum günündə də iradəvi şadlanma və iradəvi sevinci yaşatma kimi gözəl buyuruş var. Gərək bizlərin sevinci və kədəri bunlar olsun. Gərək sevincimiz və kədərimiz Allaha xatir olan məsələlərdə olsun ki, onlar bizi Rəbbimizə yaxınlaşdırsın.

Bayramla bağlı bəyənilən əməllər

Zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək, Allahdan hacətlərini istəyir.

Bayram gününün də məxsusi əməlləri var:

1) Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

2) Bayram gününün qüslünü almaq;

3) «Nüdbə» duasını oxumaq;

4) Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq;

5) Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

6) Zöhrdən yarım saat qabaq 2 rükətli namaz qılmaq. Birincü rükətdə “Həmd”dən sonra “Qədr surəsini, ikinci rükətdə ”Həmd”dən sonra lİxlas» surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın. Namazı qurtardıqdan sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib, səcdədən durub “Məfatihul-cinan”da göstərilən məxsusi duanı oxumaq. Sonra səcdəyə gedib, 100 dəfə “əlhəmdulilləh”, 100 dəfə də “şukranlillah” desin.

7) Möminlərlə görüşəndə aşağıdakı zikri demək:

Əlhəmdulilləhilləzi cəəlnə minəl-mutəməssikinə biviləyəti Əmiril-mumininə vəl-əimməti ələyhimus-səlam.

8) Sədəqə vermək;

9) Sileyi-rəhim – qohum-əqrəbaya baş çəkmək;

10) Yeni libas geyinmək;

11) Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

12) 2 rükətli namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə “Ayətül-kürsi”, 10 dəfə “Qədr” surəsi oxumaq, namazdan sonra bu duanı demək: “Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi”. Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

13) Məsumlara (s) salavat göndərmək.

Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Bu böyük bayram münasibətilə bütün azadxah və vicdanlı insanları təbrik edirik!

Allahım, ölmüş qəlblərimizi Həzrət Əmirəlmöminini (ə) tanımaqla əhya et!

Allahım, bizləri dünya və axirətdə Həzrət Əli (ə) ilə birgə et! Amin!

Allah bayramımızı mübarək etsin!