Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul imtahanı keçirilir.

DİM-dən AzerTimes-a verilən məlumata görıə, imtahan saat 11:00-da
başlayacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda
– Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və
Lənkəranda, ümumilikdə 71 imtahan binasında təşkil ediləcək.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd
etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə
dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin
səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq
və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın
başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya
iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı,
sual kitabçası da nəzarətçiyə təhvil verilir.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri
çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas
hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif
daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin
vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində
qeyd olunan vaxtda gəlmək vacibdir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri,
elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab,
dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta
və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM
iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş
edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və
onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə
veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron
termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. Bədən hərarəti 37
dərəcə və ya ondan yuxarı olan iştirakçılar imtahana buraxılmır.
İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə
əyləşdirilməsi təmin olunacaq.

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1
dən 10-dək aparılıb. İmtahanda iştirak etmək üçün 17 min 97
bakalavr ərizə təqdim edib. Onlardan 15 min 653 nəfəri Azərbaycan
bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
Bakalavrlardan 10 min 307-si cari ilin, 6 min 790-ı əvvəlki illərin
məzunlarıdır, 33 nəfər isə xarici ölkə vətəndaşıdır. Magistraturaya
qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü il, ən yaşlı bakalavr
isə 1963 cü ildə anadan olub.

Qəbul imtahanı Bakıda 50, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6,
Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunur.
Bakıda 12 min 307, Naxçıvanda 558, Gəncədə 1418, Sumqayıtda 1208,
Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan
verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri
və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi
əməkdaşı cəlb olunub.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın
14-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi
kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana
buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan
verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri
mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in
saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və
bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə
təhvil vermək lazımdır).

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin
sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Teqlər: