Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.
AzerTimes xəbər verir ki, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımız ucaldılıb.
İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilib. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb.
Bu il Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib. Dövlət başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.